DÜNYA
Böyük Britaniya 1 funt sterlinq nominalında dəmir pulları dəyişməyə başlayıb
Bakı, 28 mart, AZƏRTAC
Böyük Britaniya 1 funt sterlinq nominalında yeni dəmir pulları dövriyyə buraxıb. Özünün dəyirmi sələfini əvəz edəcək yeni 12 guşəli pul saxtalaşdırmaya qarşı xüsusi təhlükəsizlik vasitələri ilə təchiz olunub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni dəmir pulları konstruksiyasının xüsusiyyətləri səbəbindən saxtalaşdırmaq çətindir. Onun daxilində müxtəlif qurğular, məsələn, kassa aparatı və ya pulsayan maşın tərəfindən skaner oluna bilən xüsusi material yerləşir. Bundan başqa pulun üzərində holoqrama bənzər şəkillər çəkilib, həmçinin kiçik hərflər həkk edilib. Böyük Britaniyada onu dünyanın ən etibarlı dəmir pulu adlandırırlar.
Bəzi hesablamalara görə, hazırda 1 funt nominalında hər 40 dəmir puldan biri saxtadır. Köhnə funt oktyabrın 15-dək dövriyyədə qalacaq. Bundan sonra mağazalar onu ödəniş vasitəsi kimi qəbul etməyə bilər. Lakin köhnə funtu bankda yenisi ilə əvəz etmək mümkün olacaq.
Yeni pullar artıq Böyük Britaniyanın 33 bankına və poçt şöbələrinə gətirilib. 8,75 qram ağırlığında olan yeni funt əvvəlkindən yüngül və nazikdir. Xarici halqası qızılı, daxili halqası isə gümüşü rəngdə olan pulun diametri 23,43 millimetrdir ki, bu da köhnə nümunədən bir qədər böyükdür.
Qeyd edək ki, Böyük Britaniya dövriyyəyə 1,5 milyard, yəni təxminən ölkənin hər bir vətəndaşı üçün 23 dəmir funt buraxacaq.