SİYASƏT


Böyük Britaniya Azərbaycan ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır

Bakı, 9 mart, AZƏRTAC

Böyük Britaniya Azərbaycan ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır.

Bu fikir martın 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əsasən, Bakıda Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlər müzakirə edilib. Həmçinin ölkələrimiz arasında hərbi təhsil, xüsusilə də Silahlı Qüvvələrimizin nümayəndələrinin “Hərbi ingilis dili kursu”nda iştirakı barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu kursda iştirak edən zabitlərimizin sayı ildən-ilə artır və bu, çox önəmlidir.

Regiondakı hazırkı vəziyyət barədə qonaqlara ətraflı məlumat verən müdafiə naziri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.

Ötən ilin sentyabrında general-polkovnik Z.Həsənovun Londonda keçirdiyi səmərəli görüşləri xatırladan N.Qurr deyib ki, həmin səfərdən sonra ölkələrimiz arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın NATO-nun Əfqanıstanda keçirdiyi missiyada iştirakını yüksək qiymətləndirən qonaq vurğulayıb ki, Böyük Britaniya ölkəmiz ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır.

N.Qurr xüsusi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

Söhbət zamanı hərbi, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.