İQTİSADİYYAT
Böyük Britaniya Azərbaycanla tam tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır
Bakı, 29 noyabr, AZƏRTAC
Böyük Britaniya Azərbaycanla tam tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər noyabrın 29-da vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətinin görüşü zamanı səsləndirilib.
F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar barədə məlumat verərək, onların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətin dayandığını bildirib. Nazir qonaqlara ölkədə aparılan islahatlar, Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığı, vergi sistemində aparılan modernləşmə prosesi, texnoloji imkanların genişləndirilməsi barədə məlumat verib, vergi inzibatçılığı və elektron hökumət quruculuğu istiqamətində əldə edilmiş nailiyyətləri xüsusi olaraq vurğulayıb.
Milli vergi sisteminin təkmilləşdirilməsi prosesinin davamlı olduğunu diqqətə çatdıran nazir Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı barədə də qonağa məlumat verib. Qeyd edilib ki, islahatların əsas məqsədi ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün daha əlverişli şərtlərin yaradılması ilə onların hüquqlarının genişləndirilməsi, vergitutma bazasının təkmilləşdirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılmasından ibarətdir.
Vergilər naziri Azərbaycan və Böyük Britaniya arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.
Baronessa Nikolson yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılması istiqamətində hökumətin atdığı addımları, vergi sisteminin modernləşdirilməsi və innovasiyaların dəstəklənməsində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.
Azərbaycan ilə əməkdaşlığa toxunan qonaq ölkəmizin müvafiq maliyyə qurumları, o cümlədən bankları və fond birjası ilə əlaqələrin yaradıldığını qeyd edərək, ölkəsinin Azərbaycanla tam tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.