DÜNYA
Böyük Britaniya: Mançester şəhərinin mərkəzində xüsusi əməliyyat keçirilir
Bakı, 24 may, AZƏRTAC
Britaniya polisi “Manchester Arena” stadionunda baş verən partlayışın təhqiqatı ilə əlaqədar Mançester şəhərinin mərkəzində axtarışlar aparır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat şəhərin polis idarəsinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Məlumatda, həmçinin təhlükəsizliyin təmin olunması üçün əməliyyatın keçirildiyi rayonda dəmir yol xətlərinin də müvəqqəti bağlandığı deyilir.
Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının xaricində - foyedə işə düşüb. Son məlumata əsasən, hadisə nəticəsində 22 nəfər, o cümlədən 12 uşaq həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanalarda müalicə olunan 64 nəfərdən 20-si ağır vəziyyətdədir. Bundan başqa, əksəriyyəti yeniyetmələrdən ibarət 9 nəfər itkin düşmüş sayılır.
Bu gün günorta saatlarında Mançester polisi terror aktının cinayətkar şəbəkə tərəfindən təşkil edildiyinə dair bəyanat yayıb. Şəhər polisinin başçısı İan Xopkins hazırda dörd nəfərin saxlandığımı təsdiqləyib.
Bir qədər əvvəl isə hücumun terrorçu-kamikadze tərəfindən təkbaşına həyata keçirildiyi bildirilirdi. Polis, həmçinin terror aktının icraçısının 22 yaşlı Liviya əsilli Mançester sakini Salman Abedi olduğunu açıqlayıb.
Hadisənin məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.