Böyük Britaniyada azərbaycanlı alimin “Mətn və diskurs tədqiqatları” kitabı nəşr olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovun “Mətn və diskurs tədqiqatları (Studies in Text and Discourse)” kitabı nəşr olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyanın “Cambridge Scholars” nəşriyyatında çap olunan kitab ön söz və dörd fəsildən ibarətdir. Fəsillərdə mətn və diskurs linqvistik tədqiqatlar kontekstində, mətn dilçiliyindən diskurs təhlilinə doğru, diskurs və cəmiyyət, diskurs və representasiyalar mövzularında dəyərli məlumatlar yer alıb. Hər fəsildə mövzunun izahından sonra şəkil və yazı materialları, icmal və mövzunun mənimsənilməsi üçün suallar verilib. Kitabın sonunda ad və məzmun göstəriciləri, eləcə də testlər yer alıb.
Nəşrdə mətn və diskurs tədqiqatları ilə əlaqəli bir çox nəzəri və təcrübi məsələlər əhatə olunub. Kitab bu anlayışlara struktur, funksional və koqnitiv baxımdan mövcud olan müxtəlif yanaşmaları bir araya gətirir. Son illərdə geniş müzakirə obyektinə çevrilən bu araşdırmalar əsasən bir dil və diskurs tiplərində aparılıb. Bu işdə isə müxtəlif tip və janrlara aid Amerika, Britaniya, Azərbaycan, fransız və rus diskurslarındakı mətnlərin təhlili ön plandadır. Xüsusi diqqət praqmatik və koqnitiv aspektlərə yönəlib. Bu cür yanaşma, nəinki qlobal və lokal (mədəni) kimliklər, həmçinin onların diskurs tipləri və janrlarının özəl xüsusiyyətlərini aşkarlamağa yardım edir. Kitabda qloballaşma və mədəniyyətlərarası ünsiyyət prosesinin öyrənilməsində mətn və diskurs tədqiqatlarının hansı rol oynaya biləcəyinə də diqqət yetirilib.
Qeyd edək ki, professor Azad Məmmədovun tədqiqat marağı diskurs tədqiqi, koqnitiv dilçilik və tərcüməşünaslıq sahələridir. O, bir çox kitabların və beynəlxalq jurnallarda dərc olunan elmi məqalələrin müəllifidir.