DÜNYA
Böyük Britaniyada kiçik biznes stimullaşdırılır
Bakı, 22 avqust, AZƏRTAC
Avqust ayının 1-dən Böyük Britaniyanın vergi administrasiyası kiçik biznesi və özüməşğul əhalini dəstəkləmək üçün yeni onlayn xidməti istifadəyə verib.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bu xidmət şirkətlərin qeydiyyata alınması və vergitutma ilə bağlı bütün zəruri informasiyaların tez və asan əldə edilməsinə yardım üçün yaradılıb.
Vergi administrasiyasının rəsmiləri qeyd ediblər ki, Böyük Britaniya ərazisində fəaliyyət göstərən beş milyondan artıq müəssisə ölkə iqtisadiyyatı üçün önəmli rol oynayır, ona görə də biz yeni açılan şirkətlərə, eləcə də inkişaf etməkdə olan müəssisələrə yardım göstərmək istəyirik.
Bu yeni xidmət şirkətlərin vergiyə cəlb edilməsi sahəsində aparılan islahatlar üzrə 2016-cı ildən başlamış geniş əhatəli layihənin tərkib hissəsidir.