QAN YADDAŞI
Böyük Britaniyanın Aberdin şəhərində Xocalı faciəsinin 25-ci ildönümü anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Böyük Britaniyanın Aberdin şəhərində fəaliyyət göstərən Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Cəmiyyətin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəmiyyətin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığını diqqətə çatdırıb.
Xocalıda törədilmiş vəhşilikləri insanlığa sığmayan dəhşətli soyqırımı cinayəti kimi dəyərləndirən K.Əliyev bu qətliama məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini vurğulayıb. O, Xocalı soyqırımını törədənlərin layiqli cəzalarını almaları üçün dünya ictimaiyyəti tərəfindən bu qətliama hüquqi-siyasi qiymət verməsinin vacibliyini qeyd edib.
Tədbirdə iştirakçılara Xocalı soyqırımı ilə bağlı materiallar paylanılıb.