DÜNYA
Böyük Britaniyanın ən böyük gəmisi ilk dəfə dənizə çıxıb
Bakı, 13 iyul, Elvin Camalov, AZƏRTAC
Böyük Britaniyanın ən böyük “Queen Elizabeth” aviadaşıyıcı gəmisi ilk dəfə dənizə çıxıb.
AZƏRTAC “www.theguardian.com” saytına istinadla xəbər verir ki, gəmi Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.
Gəminin üzərinə “F35 B” tipli qırıcılar və “Merlin HM2” tipli helikopterlər eniş edə bilir. Assimetrik təhlükəyə cavab vermək üçün gəmidə 30 millimetrlik pulemyotlar quraşdırılıb.
Tikintisi 3,1 milyard funt-sterlinqə başa gələn gəmi ordunun ixtiyarına verilənədək müxtəlif hərbi-dəniz təlimlərində iştirak edəcək. Müasir gəmi Şərqi Şotlandiyanın “Rosyth” gəmiqayırma zavodunda tikilib. 280 metr uzunluğu olan gəmi 8 ilə tikilib. Heyəti 1200 nəfərdən ibarət gəminin maksimal sürəti 25 uzeldir.
“Queen Elizabeth” iki kapitan körpüsündən idarə olunur. Onlardan biri gəmiyə, digəri isə uçuşlara nəzarət edir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin qərarı ilə gəmidə nüvə başlıqlı raketlər quraşdırılmayıb. “Queen Elizabeth”in baş və köməkçi mühərrikləri “Rolls-Royce” şirkəti tərəfindən istehsal olunub.