CƏMİYYƏT
Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ilə ANAMA arasında anlaşma memorandumu imzalanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabr 14-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə Böyük Britaniyanın ölkəmizdəki səfirliyi arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu ANAMA-nın direktoru Qəzənfər Əhmədov və Birləşmiş Krallığın səfiri xanım Kerol Krofts imzalayıblar.
Müqaviləyə əsasən, Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə agentlik tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi nəzərdə tutulur. Layihənin icrasına sentyabrın ikinci yarısından başlanacaq və gələn ilin martında başa çatdırılacaq.
Tədbirdə qeyd olunub ki, Böyük Britaniya hökuməti ilə ANAMA arasında belə layihələrin icrasının gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Səfir ANAMA ilə əməkdaşlıqdan, Britaniya hökumətinin bu layihəyə dəstək verməsindən məmnunluğunu ifadə edib. ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən diplomat belə layihələrin icrasının insanların həyatının təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb.
Böyük Britaniya hökumətinin ANAMA-ya bir neçə dəfə dəstək verdiyini, birgə layihələrin həyata keçirildiyini qeyd edən Q.Əhmədov deyib: “Hazırda ilk dəfədir ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ANAMA üçün belə layihəyə birbaşa dəstək verəcək. 2017-ci ilin martında başa çatacaq layihəyə əsasən, agentlik tərəfindən sərhədyanı rayonlarda - Füzuli, Ağcabədi, Ağdam, Tərtər və Ağstafada evlərin və həyətyanı sahələrin mina və partlamamış hərbi sursatdan təmizlənməsi nəzərdə tutulur”.
Tədbirdə ANAMA-nın həyata keçirdiyi yerli və beynəlxalq layihələr barədə videoçarx vasitəsilə ətraflı məlumat verilib.