QAN YADDAŞI
“Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törədiblər
Ağcabədi, 1 aprel, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında keçirilən tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, çıxış edənlər XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslər, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışıblar. Bildirilib ki, əsrlər boyu Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atıb, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törədiblər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında və aprelin əvvəlində Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar həyata keçirib, on minlərlə soydaşımızı qətlə yetiriblər.
Diqqətə çatdırılıb ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət verilməyib, dünyaya çatdırılmayıb. Yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçilərinin hərəkətlərinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilib.
Tədbirin sonunda soyqırıma həsr edilmiş film-slayd nümayiş etdirilib.