İQTİSADİYYAT


Böyük İpək Yolunun bərpası region ölkələrinin iqtisadi əməkdaşlığının yüksək səviyyəyə çatmasını təmin edəcək

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Çində keçirilən “İpək Yolu - əməkdaşlıq və inkişaf” mövzusunda investisiya forumunda iştirak edib.

Forumun plenar iclasında Çinin Qansu əyalətinin Kommunist Partiyasının katibi Van San Yuun, Ümumçin Siyasi Konsultativ Şurası sədrinin müavini Van Cin Vey, Tailandın Baş nazirinin müavini Somkit Çatusipitak, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark çıxış ediblər.

Ziyad Səmədzadə plenar iclasdakı çıxışında Azərbaycanın iqtisadi nailiyyətləri, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti haqqında ətraflı məlumat verib.

Səfərlə bağlı təəssüratlarını AZƏRTAC ilə bölüşən Milli Məclisin komitə sədri deyib ki, iclas iştirakçıları Azərbaycan iqtisadiyyatında baş verən proseslərə böyük maraq nümayiş etdirdilər. Açıq-aşkar görünürdü ki, münbit sərmayə mühiti və dayanıqlı inkişafa malik Azərbaycan bazarı getdikcə Çin şirkətləri üçün daha cəlbedici olur. Çin sahibkarları üçün emal, toxuma və digər sahələrə aid birgə istehsal müəssisələrinin tikilməsi, yol inşası, ticarət, bank, maliyyə, farmakologiya, səhiyyə sahələrində əlaqələr maraqlıdır. Çinli sərmayədarların cəlb edilməsi üçün əməkdaşlığın prioritet sahələrindən biri də turizmdir.

Səfər çərçivəsində Milli Məclisin komitə sədri şimali-qərbi Çinin və Qansu əyalətinin xarici aləmlə əməkdaşlığının möhkəmləndirilməsində mühüm rol oynayan 22-ci Lançjou ticarət yarmarkasında da iştirak edib. Lançjou yarmarkası Çində və xaricdə böyük populyarlığa malikdir və bu tədbirin güclü beynəlxalq təsiri var.

Qansu əyalətinin Kommunist Partiyasının katibi Van San Yuunla keçirilən görüşdə o, ölkəmizin qlobal çağırışlar və təhlükələrə qarşı fəaliyyətini, dayanıqlı sosial-iqtisadi inkişafın təminatında əldə etdiyi uğurları yüksək qiymətləndirib. Onun fikrincə, azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın artırılmasının əsas aspekti hər iki ölkənin kommersiya dairələrində ticarət və biznes əlaqələrinin birgə səylərindən keçir.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovla görüşdə regional əhəmiyyət kəsb edən aktual məsələlərə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, son illər ŞƏT-in siyasi yükü xeyli artıb, bu təşkilat praktikada çoxqütblü dünyamızın sürətlə formalaşan mərkəzlərindən birinə çevrilib.

Həmçinin Tacikistanın Ticarət-Sənaye Palatasının sədri Şarif Səidlə, Çinin Kommersiya Nazirliyinin rəhbərliyi, bu ölkənin Ticarət-Sənaye Administrasiyası Baş Dövlət İdarəsinin və Ümumçin Sənaye və Tacirlər Assosiasiyasının nümayəndələri ilə maraqlı diskussiyalar aparılıb.

Azərbaycan-Çin münasibətlərindən danışan Z.Səmədzadə deyib ki, ölkələrimiz arasında keyfiyyətcə yeni səviyyəyə keçmiş əməkdaşlıq ildən-ilə genişlənir və dərinləşir və bu da müsbət nəticələrini verməkdədir. Siyasi sahədə qarşılıqlı etimad səviyyəsi formalaşıb. İqtisadi sahədə Azərbaycan və Çin çox mühüm tərəfdaşlardır. Humanitar mübadilə çox parlaqdır və müxtəlif hadisələrlə zənginləşir, beynəlxalq məsələlər üzrə strateji əlaqələndirmə mütəmadi olaraq möhkəmlənir. Dövlət başçıları arasında çox gözəl işgüzar münasibətlər yaranıb ki, bu da münasibətlərin inkişaf vektorunun müəyyənləşməsi baxımından mühüm rol oynayır. 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı siyasi, iqtisadi, sosial inkişaf və qarşılıqlı əməkdaşlığın bir çox sahələrini əhatə edən mühüm sənədlər imzalanıb. Ən vacib məqamlardan biri də odur ki, Çin həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün Çin şirkətləri Azərbaycanda energetika, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu sahələrdə əməkdaşlığın gələcəkdə də genişləndirilməsi üçün çox gözəl perspektivlər mövcuddur. Bu baxımdan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq, o cümlədən nəqliyyat və sənaye sahələrində əlaqələrin genişləndirilməsi imkanı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Çin arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq da regionda böyük rol oynayır. Çinin təşəbbüsünə qoşulan Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bu, bizim iqtisadi əməkdaşlığımızın çox yaxşı göstəricisidir. Bir çox Çin şirkətləri Azərbaycanda aktiv fəaliyyət göstərir. Biz Azərbaycanda müxtəlif sahələrdə - infrastruktur, tikinti sahələrində ixtisaslaşmış çoxlu Çin şirkətlərini görmək istəyirik. Lançjou yarmarkası məhz bu cür əməkdaşlığın fəallaşdırılması üçün çox ciddi platformalardan biridir.

Ölkəmizin Böyük İpək Yolu layihəsində iştirakı perspektivlərindən söhbət açan komitə sədri deyib ki, Yeni İpək Yolu iqtisadi xəttinin yaradılması nəinki ticarət, enerji, elm və texnologiya, informasiya, kənd təsərrüfatında, həm də turizm sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Strateji ticarət marşrutu olan Yeni İpək Yoluna zəngin mədəni və tarixi dəyərləri, ənənələri olan ölkələrin ərazisindən keçən böyük turizm marşrutu kimi baxılmalıdır. Böyük İpək Yolunun bərpası magistral boyunca iqtisadi inteqrasiya və ticarətin liberallaşdırılmasını nəzərdə tutur. Bu proses iki ölkə arasında iqtisadi və mədəni mübadiləni yüksək səviyyədə təmin edəcək, turizmin inkişafını sürətləndirəcək və asanlaşdıracaq.

Son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məqsədilə turizm sənayesinə xüsusi diqqət yetirilib. Ölkəmizin böyük turizm potensialı var və bu bazanı inkişaf etdirmək, potensial turistləri maraqlandırmaq lazımdır.

Z.Səmədzadə qeyd edib ki, İpək Yolu İqtisadi Kəmərinin inkişafı üzrə birgə iş Azərbaycan və Çin iqtisadiyyatının inkişafı üçün əlavə imkanlar yaradacaq. Həm bu məqsədlə, həm də nəqliyyat və infrastruktur inkişafına xidmət edən birgə layihələrin reallaşdırılması naminə iki ölkənin səlahiyyətli idarələri arasında əməkdaşlığı bundan sonra da dərinləşdirmək önəmlidir.

Hər ölkənin inkişafında elə tarixi hadisələr olur ki, onlar əsrlər boyu fayda gətirir, gəlir mənbəyi olur, daimi iş yerlərinin yaradılmasına kömək edir, səmərəli inteqrasiya əlaqələrinin əsasını qoyur. Qədim İpək Yolu Azərbaycan üçün məhz belə amildir. Qərb və Şərq arasında əlverişli coğrafi mövqeyi nəzərə alaraq, bu proqramın həyata keçirilməsi ilə Azərbaycan ərazisindən keçən tranzit yük daşınmaları dövlət xəzinəsinə əlavə vəsaitlərin daxil olmasına xidmət edəcək. Bu layihənin həyata keçirilməsində Azərbaycanın fəal iştirakı respublikanın dünyada baş verən qlobal inteqrasiya proseslərinə daha fəal qoşulması deməkdir. Bu isə öz növbəsində milli iqtisadiyyatımızın strukturunun təkmilləşdirilməsi, dünya bazarında rəqabətədavamlı malların istehsalı üçün şərait yaradacaq. Nəhayət, Qədim İpək Yolu nəqliyyat dəhlizində Azərbaycanın fəaliyyəti dövlətimizin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, onun iqtisadi qüdrətinin artırılması üçün çox vacib amildir.

Qədim İpək Yolu nəqliyyat dəhlizinin mərkəzində Azərbaycan durur və bu ölkə çox mühüm geosiyasi və geoiqtisadi mövqe tutur. Şübhəsiz, Bakı Beynəlxalq Dəniz Limanının, donanmanın, Xəzər Dəniz Gəmiçiliyinin sahil obyektlərinin, Azərbaycan Dəmir Yollarının və Azərbaycan Hava Yollarının yeniləşdirilməsi, texniki təchizatın dünya standartlarına çatdırılması respublikamızın inkişafına çox güclü təkan verəcək. Bütün bunlar ölkəmizin iqtisadiyyatını şaxələndirməklə yanaşı, onun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.