CƏMİYYƏT
Böyük İpək yolu üzərində yerləşən ölkələrin mədəniyyət və ənənələri Avstriya ictimaiyyətinə təqdim edilib
Vyana, 30 mart, AZƏRTAC
Avstriyanın nüfuzlu “Society” jurnalı Vyanada “Böyük İpək yolu” adlı tədbir keçirib. Diplomatik korpus və hökumət dairələri üzrə ixtisaslaşmış jurnalın qədim İpək yolu üzərində yerləşən ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi və artıq ənənə halını alan tədbirdə Çin və Türkiyə də daxil olmaqla bir çox ölkələr təmsil olunub.
Tədbirdə Avstriyadakı diplomatik korpusun, beynəlxalq təşkilatların, tanınmış yerli və xarici şirkətlərin nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
“Society” jurnalının baş redaktoru Qertrud Tauxhammer bu tədbirin əsas məqsədinin böyük İpək yolu üzərində yerləşən dövlətlərin mədəniyyət və ənənələrini Avstriya ictimaiyyətinə tanıtmaq olduğunu qeyd edib.
Tədbirdə çıxış edən səfirlər qədim İpək yolunun Şərqlə Qərb arasında həyati bir bağlantı olduğunu qeyd edərək, həmin yolun adi bir karvan yolu anlayışının fövqündə durduğunu deyib, onu geniş mənada sivilizasiyalar arasında bir çox sahələrdə intensiv transfer və ünsiyyətin baş verdiyi canlı bir proses kimi xarakterizə ediblər.
Tədbirdə Böyük İpək yolu üzərində yerləşən ölkələrə məxsus milli adət-ənənələri əks etdirən sənət nümunələri, rəngkarlıq əsərləri və milli geyimlər, informasiya xarakterli materiallar nümayiş olunub.
Tədbirin keçirildiyi əsas zalda Azərbaycana həsr olunmuş ayrıca masada ölkəmiz haqda müxtəlif dillərdə kitab və broşürlər təqdim edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana