CƏMİYYƏT
Böyük Qafqaza 36 millimetrədək yağıntı düşüb
Bakı, 21 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Leysan yağması nəticəsində çaylarda sululuq artıb.
Departamentdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Böyük Qafqazda 4-36, Qazax-Gəncə zonasında 1-30, Mərkəzi Aran rayonlarında 11-20, Lənkəran-Astara zonasında və Naxçıvan MR-də 1 millimetr təşkil edib, Sumqayıtda da yağış müşahidə olunub.
Göygöl, Daşkəsən, Goranboy rayonunun Qaraçinar, Zeyvə, Şəfəq kəndləri, Ağstafa, Naftalan, Gədəbəy, Daşkəsən rayonunun Quşçular kəndinə dolu düşüb.
Şimal-qərb küləyi Daşkəsən, Ağstafa, Şəmkir, Hacıqabul, Tərtər rayonunda, Gəncə şəhərində, Abşeron yarımadasında və onun dəniz rayonunda arabir güclənib.