MƏDƏNİYYƏT
Böyük Teatrın solisti operaya quruluş vermək arzusundadır
Bakı, 11 noyabr, AZƏRTAC
Trend İnformasiya Agentliyində tanınmış azərbaycanlı vokalçı Elçin Əzizovun mətbuat konfransı olub.
AZƏRTAC xəbər verir ki, jurnalistlərlə görüş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Karmen” operasının nümayişi ərəfəsində baş tutub. Elçin Əzizov bu tamaşada Eskamilyo partiyasını ifa edəcək.
E.Əzizov Rusiya Akademik Böyük Teatrında yaradıcılıq fəaliyyəti, xarici qastrolları barədə qısa məlumat verib.
Azərbaycanın Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı, bariton səsli E.Əzizov Böyük Teatrda işləyən ilk azərbaycanlı solistdir. O, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Kino rejissoru” ixtisası üzrə bitirib. 2007-ci ildən Qalina Vişnevskaya adına Opera İfaçılığı Mərkəzində təcrübə keçib və bu teatrın solisti olub. 2008-ci ildən Böyük Teatrın opera truppasının solistidir. Rusiya, Avstriya, İtaliya, Fransa, Mərakeş, ABŞ və başqa ölkələrdə böyük uğurla çıxış edib.
E.Əzizov xatırladıb ki, 1992-2001-ci illərdə əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) heyətində çıxış edib, 1992-ci ildə ŞHK Ali liqasının çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun, 2000-ci ildə ŞHK Superkubokunun və “XX əsrin ən yaxşı komandası” adının sahibi olub.
E.Əzizov ŞHK barədə deyib: “ŞHK bizi öyrədən, böyüdüyümüz və müdrikləşdiyimiz bir məktəb olub. İndiki kimi yetişməyimizə kömək edən əsl həyat məktəbi olub. ŞHK mənə insanlarla düzgün ünsiyyət qurmağı, hər bir adamla dil tapmağı öyrədib. Qazandığım bu keyfiyyət hələ də əlimdən tutur. Sabah Moskvada ŞHK-nin 55 illiyi qeyd olunacaq, məni də dəvət ediblər. Amma digər bir dəvəti – Bakıda “Karmen” operasında çıxış etmək dəvətini qəbul etdim”.
Bu tamaşada Karmen partiyasını Avropanın ən istənilən opera müğənnilərindən biri, Vrotslav Opera Teatrının (Polşa) aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı İrina Jitinska ifa edəcək. Həmin gün səhnəyə Ukrayna Milli Opera Teatrının solisti, Ukraynanın Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Andrey Romanenko (Xoze), Azərbaycanın Xalq Artisti Əli Əsgərov (Suniqo), Azərbaycanın Əməkdar artistləri İnara Babayeva (Mikaella), Gülnaz İsmayılova (Fraskita), Səbinə Əsədova (Mersedes), solistlər Tural Ağasiyev (Dankayko) və Əliəhməd İbrahimov (Romendado) çıxacaqlar.
Tamaşaya beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edəcək.
Elçin Əzizov artıq 9 ildir Böyük Teatrın səhnəsində çıxış etsə də, hər çıxışı onun üçün böyük bir məsuliyyətdir. Artist Cakomo Puççininin parlaq “Manon Lesko” operasını xatırlayır. Həmin operada o, dünya operasının ulduzu Anna Netrebko və Azərbaycanın tanınmış opera ifaçısı Yusif Eyvazovla bir səhnəni paylaşıb.
Amma P.İ.Çaykovskinin “İolanta” operasında həkim Ebn Hakianın partiyası onun taleyində böyük rol oynayıb. O, bu opera ilə (A.Netrebko, Gergiyev ilə birlikdə) Vyana, Florensiya, Varşava və dünyanın digər böyük şəhərlərinin bir çox teatr və konsert salonlarında çıxış edib. Ümumiyyətlə, artistin repertuarı yetərincə genişdir: “Traviata”, “Riqoletto” (Elçin bu operada bu il çıxış etməyə hazırlaşır), “Aida”, “Otello”, “Don Karlos”, “Trubadur”, “Nabukko”, ”Boris Qodunov”, “Yevgeni Onegin”, “Çar gəlini”, “Knyaz İqor” və s.
Elçin Əzizov Azərbaycan, Rusiya və Türkiyədə filmlərə çəkilib. Bir neçə filmin və tamaşanın rejissorudur.
Gələcək planlarını bölüşən E. Əzizov operaya quruluş vermək arzusunu dilə gətirərək deyib: “Özümdə qüvvə hiss edirəm, düşünürəm ki, bacaracağam”.