CƏMİYYƏT


Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri təqdim olunmuşdur

Bakı, 9 may (AzərTAc). Mayın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Vətən müharibəsi əlilləri ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin foyedəki büstü önünə gül-çiçək dəstələri düzmüşlər.
Nazir Füzuli Ələkbərov bildirmişdir ki, ölkəmizdə müharibə veteranlarına diqqət və qayğının əsası hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra 9 May - Qələbə Günü dövlət bayramları sırasına daxil edilmiş, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılmışdır. Hazırda Prezident İlham Əliyev tərəfindən müharibə veteranlarına diqqət və qayğı yüksələn xətlə davam etdirilir.
F. Ələkbərov vurğulamışdır ki, nazirlik tərəfindən 2012-ci il aprelin 1-dək 695 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, 45 nəfər isə mənzillə təmin edilmişdir. Böyük Vətən müharibəsi əlilləri Azərbaycan Respublikası Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlığı, sanatoriya-kurort yollayışları ilə təmin edilirlər.
Tədbirdə qeyd olunmuşdur ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərmişdir. Tarixin ən qanlı müharibəsində Azərbaycan xalqının 640 mindən çox oğul və qızı iştirak etmişdir. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.
Görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına “Lifan” markalı 20 minik avtomobilinin açar və sənədləri təqdim olunmuşdur.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.