SİYASƏT


Böyük Vətən müharibəsi veteranları cəbhə bölgəsində olublar

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri yaxından iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Böyük Vətən müharibəsi veteranlarının bir qrupu cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub. Veteranlar hərbi qulluqçularımızın problem və qayğıları ilə maraqlanıb, Vətən müdafiəçilərinə ağsaqqal öyüd-nəsihəti verib, işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsində onlara uğurlar arzulayıblar.

Veteranlara hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu, şəhid və qəhrəmanları haqqında ətraflı məlumat verilib.

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi rəhbərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaninin müşayiəti ilə veteranlar Beyləqan rayonunun Birinci Şahsevən kəndinə gedərək Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyini ziyarət edib, şəhidin 90 yaşlı bacısı ilə görüşüb və onun xatirələrini dinləyiblər.

Döyüşçülərlə ilk görüş aprel döyüşləri zamanı düşmən tapdağından azad edilən Lələtəpə zirvəsində reallaşıb.

Zabit Rəşad Piriyev dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirən aprel döyüşlərinin qəhrəmanları haqqında danışıb. Şəhidlərin xatirəsi yad edilib. Bir neçə gün əvvəl irimiqyaslı təlimlər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgəsinə gəlişi, aprel döyüşlərində fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırması, əsgər və zabitlərimizi mübarizəyə səsləyən qətiyyətli çıxışı və düşmənə tutarlı mesajları bir daha xatırlanıb.

Döyüşlərdə göstərdiyi şəxsi şücaətə görə hələ aprel ayında Prezidentin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, bir neçə gün öncə isə Prezidentin şəxsi hədiyyəsi ilə mükafatlandırılan əsgər İmran Remixanov hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildirib. O, veteranlarımızı azad edilən strateji yüksəkliklərdə görməkdən böyük qürur duyduqlarını və aprel döyüşlərindəki Qələbəni hər an təkrarlamağa qadir olduqlarını deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik C.Xəlilov Azərbaycanın hər bir vətəndaşının, o cümlədən veteranların ordumuzun uğurlarından fərəhləndiyini, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olduqlarını diqqətə çatdırıb. O, Müdafiə Nazirliyinin rəhbərliyinə veteranlara göstərilən diqqət və qayğıya, belə tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə respublika veteranlar ordusunun minnətdarlığını bildirib.

Tədbirdə xalqımız, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmişə əziz və dəyərli olan insanların, bəşər üçün ən böyük fəlakət sayılan faşizm taunu ilə üz-üzə dayanıb mübarizə apararaq ölümün caynağından qurtulmuş veteranların keçdikləri şanlı döyüş yolundan söhbət açılıb.

Doxsan yeddi yaşlı müharibə veteranı Bəkir Məmmədov, Berlinədək döyüş yolu keçmiş bombardmançı təyyarəçi Daməd Vəliyev çıxış edərək ön səngərdə Azərbaycan əsgəri ilə bir yerdə olduqlarını, Lələtəpə zirvəsinə qalxdıqlarını, həyatlarının ən xoş anı hesab edib və tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər yolumuzu gözləyən yurd yerlərimizdə qalib Azərbaycan əsgəri ilə görüşəcəklərinə əminliklərini bildiriblər.

Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim olunub.

Çay süfrəsi arxasında səmimi söhbət həm əsgərlərdə, həm də qonaqlarda xoş duyğular oyadıb. Xatirələr veteranları gənclik illərinə qaytarıb, əsgərlərimiz isə babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər.

Cəbrayıl, Füzuli, Xocavənd, Ağcabədi, Beyləqan rayonları istiqamətində Vətən, xalq və dövlət qarşısında əsgəri borclarını layiqincə yerinə yetirən Vətən müdafiəçiləri ilə biri-birindən maraqlı görüşlər keçirilib.

Veteranlar əsgərlərlə bir yerdə nahar edib, eyni yataqxanada gecələyib, onların təlimlərini izləyib, silah və hərbi texnikalarla tanış olub və cəbhə bölgəsindən xoş təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.