CƏMİYYƏT
Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş veteranlarımız gənclərimizə örnəkdir
Bakı, 11 may, AZƏRTAC
İkinci Dünya müharibəsində əldə edilmiş tarixi Qələbənin 72-ci ildönümü münasibətilə ölkəmizin bölgələrində müxtəlif tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şabran Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon bölməsinin təşkilatçılığı ilə rayon tarix diyarşünaslıq muzeyində keçirilən tədbirdə ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə müharibə və polis veteran Bəyəli Əliyev ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra faşizm üzərində Qələbənin yüksək bayram əhval-ruhiyyəsi ilə dövlət səviyyəsində qeyd edildiyini, veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərildiyini bildirib.
Müharibə veteranları çıxış edərək göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolundan, həyatlarının ən keşməkeşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüb.
Tədbirdə çıxış edən Şabran Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov müharibənin ilk günlərindən səfərbər olub cəbhəyə yollanan oğullarımızın rəşadətindən danışıb, hərbi xidmətdən sonra onların ölkəmizin ictimai həyatında mühüm əməyi olduğunu bildirib. Gənclərə örnək olacaq belə dəyərli insanlardan Şabranda doğulub böyümüş Abdulla İbrahimovun bölük komandiri kimi şərəfli döyüş yolu keçdiyini, göstərdiyi hünərə görə orden və medallarla təltif olunduğu barədə məlumat verib. A.İbrahimovun sonradan müharibə canilərinin mühakimə olunduğu Nürnberq prosesində hüquqşünas kimi iştirak etməsindən, hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə - Bakı şəhər prokuroru, daxili işlər nazirinin müavini, Respublika Ali Məhkəməsinin sədri vəzifələrində işlədiyini, yaddaşlarda bacarıqlı təşkilatçı, prinsipial rəhbər, dəyərli insan kimi bu gün də adının hörmətlə anıldığını bildirib.
V.Sadıqov gənc yaşlarından orduya çağrılaraq şərəfli döyüş yolu keçmiş İsmayıl Mövludovun isə sonradan daxili işlər orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Oğuz, Göygöl, Şabran rayon daxili işlər şöbələrinin rəisi vəzifələrində xidmət etdiyini, xalqına, dövlətinə sədaqəti ilə seçildiyini bildirib. O digər qəhrəmanlarımızın da xatirələrdə yaşayacağını bildirib.