CƏMİYYƏT


Böyük qəlbin işığında

A+ A

Bakı, 10 oktyabr, İbrahim Əsədov, AZƏRTAC

Oktyabrın 10-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində böyük şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 77-ci ildönümünə həsr edilmiş “Böyük qəlbin işığında” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Təhsil Kompleksinin tarix muzeyində 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr edilən foto-guşə ilə tanış olublar.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova məktəbin məzunu, professor Aida İmanquliyevanın şərəfli, nəsillərə layiqli örnək olan ömür yolundan danışıb, onun böyük şərqşünas alim, pedaqoq, tərcüməçi, parlaq şəxsiyyət olduğunu vurğulayıb.

Bildirilib ki, 1957-ci ildə 132 nömrəli orta məktəbi (indiki 132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (BDU) fərqlənmə diplomu ilə bitirən A.İmanquliyeva universitetin aspirantı olur, təhsilini keçmiş SSRİ Elmlər Akademiyasında davam etdirir, namizədlik və doktorluq dissertasiyası müdafiə edir. Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım həm də bacarıqlı elm təşkilatçısı idi.

Ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə alim Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə əvəzsiz töhfələr verib.

S.Xanlarova Azərbaycan qadınına xas olan ən gözəl, ən nəcib xüsusiyyətləri özündə cəmləşdirən Aida xanımın xeyirxah bir insan, qayğıkeş bir ana olduğunu xatırladıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan bəhs edib, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Vurğulanıb ki, Şərq-Qərb mədəni əlaqələrin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edir.

Aida xanım İmanquliyevanın Vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş etdiyini bildirən E.Əzizov alimin əziz xatirəsinin könüllərdə daim yaşayacağını söyləyib.

Sonra böyük alimin həyat və fəaliyyətindən bəhs edən film göstərilib. Məktəblilər A.İmanquliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Tədbir iştirakçılarına böyük şərqşünas alim, professor Aida xanım İmanquliyevaya həsr olunmuş “Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabı (kitabın ideya rəhbəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova, müəlliflər “Respublika” qəzetinin müxbiri Gülşən Hüseynova və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri İbrahim Əsədovdur) təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.