MƏDƏNİYYƏT
Böyük şairin xatirəsi anılıb
Azərbaycan ədəbiyyatında sözü, sənətinin qüdrəti ilə seçilən, yaddaşlarda əbədi iz qoyan ölməz simalardan biri də Xalq Şairi Hüseyn Arifdir. Təpədən-dırnağa şair doğulan Hüseyn Arif qeyri-adi adam idi. O, təkcə yazdığı şeirləri ilə yox, həm də azad ruhu, heç bir çərçivəyə sığmayan duyğuları ilə birgə şair idi. Şeirlərində Azərbaycan təbiətini, dağı, düzü, çəməni, əməksevər insanlarını sevə-sevə tərənnüm edirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 24-də Səməd Vurğunun ev-muzeyində keçirilən unudulmaz şair Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub söyləyib.
Ev-muzeyinin direktoru, S.Vurğunun nəvəsi Aygün Vəkilova şairin Vətən, ana, torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə canlandırdığını, milyonlarla oxucu qəlbini fəth etdiyini söyləyib. Onun Vurğun ailəsinə məhəbbətindən və doğmalığından danışıb.
Böyük şair Səməd Vurğunun H.Arifin yaradıcılığına yüksək qiymət verdiyini söyləyən filologiya elmləri doktorları, Şirindil Alışanlı, Natəvan Dəmirçioğlu, Aslan Salmansoy və başqaları onu ustad yolunun layiqli davamçısı adlandırıb.
Tədbirdə şairin şeirləri söylənilib və sözlərinə yazılmış musiqilər səsləndirilib.
Sonda şairin qızı Zöhrə Hüseynzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.