MƏDƏNİYYƏT


Böyük satirik şairin xatirəsi yad edilib

Bakı, 26 may, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Mayın 26-da Mirzə Ələkbər Sabir Fondu rəhbərliyinin mətbuat nümayəndələri ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, fondun prezidenti Sevda Tahirli rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Bildirib ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə yaradılıb. Fondun əsas məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Fondun əsas vəzifələri Mirzə Ələkbər Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, şairin irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək, ədibin yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır. Fond 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra edib.

S.Tahirli şairin çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapdığını bildirib.

Vurğulanıb ki, Mirzə Ələkbər Sabirin 155 illik yubileyi ilə əlaqədar onun adını daşıyan fondun keçirəcəyi tədbirlər planı təsdiq olunub. Həm ölkə daxilində, həm də bəzi xarici ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Şairin 155 illiyi münasibətilə Türkiyənin Mərmərə Universitetində möhtəşəm tədbir keçirildiyini və digər universitetlərdə də belə tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görüldüyünü bildirib.

S.Tahirli deyib: “Bakı, Şamaxı və bəzi başqa şəhərlərimizdə, rayonlarda təşkil olunması planlaşdırılan yubiley mərasimləri geniş ictimaiyyətin iştirakı ilə keçiriləcək. “Sabir-155” tədbirləri ilə bağlı hazırda bəzi diaspor rəhbərləri ilə danışıqlar aparılır. Xarici ölkələrdə nəzərdə tutulan tədbirlərin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə gənc nəslin böyük şairimizin irsini öyrənməsi, onun yaradıcılığına marağın artırılmasıdır. Bununla yanaşı, şairin virtual muzeyinin hazırlanması istiqamətində də ciddi işlər görülür”.

Sevda Tahirlinin bildirdiyinə görə, M.Ə.Sabirin şeirlərinin müxtəlif dillərə tərcümə olunması və bəzi kitablarının yenidən, eyni zamanda, böyük tirajla çap edilməsi istiqamətində də addımlar atılacaq.

Sonda jurnalistlərə, mətbuat orqanlarına fondun diplomları və fəxri fərmanları təqdim olunub.

Mükafata layiq görülənlər arasında AZƏRTAC-ın da adı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.