MƏDƏNİYYƏT
“Böyük səhnə”nin növbəti şousu keçirilmişdir VİDEO
Bakı, 17 fevral (AZƏRTAC). Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcək ifaçının seçilməsi məqsədilə “Böyük səhnə” şousunun növbəti seçim turu keçirilmişdir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq vokal müsabiqəsinin ilk şousundan növbəti mərhələyə vəsiqə qazanan 10 ifaçı səs və səhnə imkanlarını yenidən televiziyanın efirində nümayiş etdirmişdir. Onların arasından 6 nəfərə yarımfinala keçmək imkanı verilmişdir.
Müsabiqənin şərtlərinə əsasən, respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyətindən 46–dan çox xal toplayan iştirakçılar birbaşa növbəti mərhələdə yarışmaq hüququ qazanmışlar. Erkin Osmanlı, Azad Şabanov, Samirə Əfəndiyeva, Dilarə Kazımova və Xana Həsənova bu imkandan yararlanaraq, birbaşa yarımfinala keçmişlər.
Yarış qaydalarına uyğun olaraq, münsiflərin qərarı ilə Elton İbrahimov yarışmanın “təhlükəli zolağı”ndan çıxarılaraq, yarımfinala keçmək şansı əldə etmişdir.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Böyük səhnə” layihəsinin yarımfinalı fevralın 23-də saat 23:00-da İctimai Televiziyanın efirində yayımlanacaqdır.
Müsabiqənin qalibi isə martın 2-də keçiriləcək final şousunda elan olunacaq və həmin ifaçı Azərbaycanı Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcəkdir.
İlkin püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi müsabiqənin mayın 6-da keçiriləcək birinci yarımfinalında səhnəyə çıxacaqdır. “Bizə qoşul” şüarı ilə 37 ölkə təmsilçisini bir araya toplayan müsabiqənin ikinci yarımfinalı mayın 8-də, finalı isə mayın 10-da olacaqdır.