REGİONLAR


Böyük və şərəfli tarixi yaşadan məkan: İstiqlal Muzeyi VİDEO

A+ A

Gəncə, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Muzeylər müxtəlif xalqların, ölkələrin keçdiyi tarixi inkişaf yolunu özündə əks etdirən maddi-mənəvi xəzinə olmaqla yanaşı, həm də dövlətlərin dünyada təbliği baxımından böyük əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, Gəncədə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyi ölkəmizin son yüz ildə keçdiyi çətin, lakin şərəfli inkişaf yolunu özünün tarixi eksponatlarında əks etdirən ən dəyərli muzeylərimizdən biridir.

İstiqlal Muzeyi Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində, ölkə əhəmiyyətli tarixi binada fəaliyyət göstərir. Məhz, bu binada 1918-ci ildə istiqlaliyyətini elan edən, türk və İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti fəaliyyət göstərib.

Muzey 1985-ci il mayın 5-də universitet kollektivinin təşəbbüsü ilə ölkənin aqrar tarixini, həmçinin ali təhsil müəssisəsinin uğurlarını təbliğ etmək məqsədilə təsis olunub. Ölkəmiz sonuncu dəfə müstəqilliyini əldə etdikdən sonra isə binanın Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq muzeyin fəaliyyət istiqaməti genişləndirilərək daha da zənginləşdirilib. Hazırda muzey Azərbaycanın Kənd Təsərrüfatı Tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü və Aqrar Universitetin tarixini özündə əks etdirən yeddi geniş otaqdan ibarətdir.

Üç bölmədə fəaliyyət göstərən muzeyin Azərbaycanın istiqlaliyyət tarixini özündə əks etdirən hissəsi Xalq Cümhuriyyətinin qurucularından olan, Nazirlər Kabinetinin rəhbəri Fətəli xan Xoyskinin iş otağı ilə tanışlıqla başlayır. Otaqda bütün əşyalar və sənədlər ilk vaxtlarında olduğu kimi qorunub saxlanılıb. Fətəli Xan Xoyskiyə aid olan kabinetdə nazirin yazı masası, masanın üstündəki əşyalar, divar saatı, dolab və rəflərdəki kitablar, eləcə də digər əşyalar indiyə kimi mühafizə olunur. Muzeyin zallarında gərgin beynəlxalq münasibətlər şəraitində istiqlaliyyətini elan edən, mürəkkəb siyasi dövrdə fəaliyyət göstərən cümhuriyyətin liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar, qərarlar və burada nümayiş olunan sənədlər, digər əşyalar ziyarətçilərdə dolğun təsəvvür yaradır.

Kənd təsərrüfatı tariximizə aid bölmədə isə Azərbaycanda ayrı-ayrı dövrlərdə əkinçi və maldar tayfalar tərəfindən istifadə olunan çoxsaylı əmək alətləri, bölgələrimizdə nənə-babalarımızın məişətdə işlətdikləri mis və saxsı qablar, həmçinin toxuculuq məmulatları nümayiş olunur.

Muzeyin otaqlarından birinin tavanına və divarlarının yuxarı hissəsinə yağlı boya ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin poemalarının qəhrəmanları, sadə peşə və zəhmət adamlarının həyatından bəhs edən rəsmlər çəkilib. Otaqda Nizami Gəncəvinin büstü qoyulub, divarlara ölməz şairin əməyə, zəhmətə, sadə peşə və sənət adamlarının tərənnümünə həsr edilən misra və beytləri həkk edilib.

Digər bölmədə ölkənin qocaman ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Aqrar Universitetinin keçdiyi inkişaf yolundan bəhs edən tarixi əhəmiyyətli şəkillər, sənədlər, mükafatlar və digər əşyalar nümayiş olunur.

Ekspozisiya zallarında Azərbaycanda kənd təsərrüfatı elminin əsasını qoyan, universitetin inkişafında əvəzsiz xidmətləri olan alim və ziyalıların, eləcə də böyük elmi kəşfləri ilə nəinki ölkəmizdə, həmçinin keçmiş SSRİ miqyasında aqrar elmin müxtəlif sahələrinin tərəqqisinə töhfələr verən akademik və professorların şəkillərini görmək, onların elmi yaradıcılığı, ixtira və kəşfləri haqqında ətraflı məlumat almaq mümkündür.

Digər otaqda isə Aqrar Universitetin alimlərinin kənd təsərrüfatının ayrı-ayrı sahələrinə həsr olunan elmi əsərləri, monoqrafiya və dərslikləri nümayiş etdirilir.

Muzeylə tanışlıqdan sonra keçmişlə bu günü müqayisə edən hər bir azərbaycanlı fəxr edir ki, vaxtilə beynəlxalq güclərin təzyiqi ilə bayrağı endirilən, istiqlaliyyəti zorla əlindən alınan xalqın indi yüksəklərdə əzəmətlə dalğalanan bayrağı, hər kəsin sevib gücünə arxalandığı müstəqil, qüdrətli dövləti və onu uğurdan-uğura aparan lideri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.