ELM VƏ TƏHSİL
Böyük verilənlərin analizi sahəsində problemlər araşdırılıb
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova və Kanadanın “GoEasy LTD” şirkətinin risk üzrə baş analitiki Rəhim Abbaslının həmmüəllifi olduqları “Böyük verilənlər prosesində maneələr” sərlövhəli məqalə Çinin “International Journal of Modern Education and Computer Science” (IJMECS) jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, böyük verilənlərin problemləri əsasən çox sürətlə artan böyük həcmli informasiyanın real vaxt rejimində emalı, axtarışı, təsnifatlandırılması və analizi ilə bağlıdır. Məqalədə böyük verilənlərin analizinin emal prosesinin mərhələləri təhlil edilib, hər bir mərhələdə mövcud olan problemlərə ayrı-ayrılıqda baxılıb, həmçinin onların həlli üçün təklif və tövsiyələr verilib.
Qeyd edək ki, “MECS Publisher” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef”, “EBSCO”, “Scirus”, “DOAJ”, “IndexCopernicus”, “CNKI Scholar” kimi beynəlxalq elmi bazalarda indeksləşir.