CƏMİYYƏT
Böyükkişi Ağayev Ukraynada akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin fəxri üzvü seçilib
Kiyev, 4 mart, AZƏRTAC
Kiyevdə, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin İdarə Heyətinin və Əlaqələndirmə Şurasının birgə iclasında akademik Böyükkişi Ağayevin Mərkəzin fəxri üzvü seçilməsi barədə qərar qəbul edilib. Elə həmin qərarda B.Ağayevin Əlaqələndirmə Şurasının üzvü seçilməsi tövsiyə olunub.
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, həmvətənimiz, professor Aydın Salmanov AZƏRTAC-a müsahibəsində əvvəlcə agentliyi 95 illiyi münasibətilə təbrik edib.
O bildirib ki, akademik B.Ağayev qurumun fəxri üzvü adına elm, təhsil və səhiyyə sahəsində böyük xidmətlərinə görə layiq görülüb.
Xatırladaq ki, Böyükkişi Ağayev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, professor, tibb elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi, Azərbaycan Dövlət Mükafatı laureatıdır. B.Ağayev Azərbaycan Səhiyyə Nazirliyinin akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktorudur. O, 1958-ci ildən tibb institutları sistemində dərs deyir, 1973-cü ildən Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş cərrahıdır. Akademik B.Ağayev 300-dən çox elmi işin müəllifidir. Tanınmış azərbaycanlı alim Beynəlxalq Qastrointestinal Klubunun (Niderland) həqiqi üzvü, Avropa Travma və Təcili Cərrahlıq Assosiasiyasının (İtaliya) idarə heyətinin, Avropa Cərrahlar Cəmiyyətinin (Almaniya) idarə heyətinin və Avrasiya Qastroenteroloqlar Cəmiyyətinin (Türkiyə) üzvüdür.
İş cədvəlinin gərgin olmasına baxmayaraq, B.Ağayev geniş ictimai fəaliyyətlə məşğuldur. O, Respublika Şəfqət və Sağlamlıq Fondunun prezidenti, Azərbaycan Cərrahlarının Elmi-Praktik Cəmiyyətinin sədridir. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1997 və 2003-cü illərdə Bakıda keçirilən Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqreslərinin sədri olub. B.Ağayev elm, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikasının yüksək mükafatlarına layiq görülüb.
Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev