DÜNYA
Bratislava sammiti Avropa İttifaqının gələcəyi üçün prioritetləri müəyyən etməlidir
Bratislava, 16 sentyabr, AZƏRTAC
Maastrix, Lissabon, Nitsa, Roma kimi şəhərlər ötən onilliklərdə Avropa İttifaqının tarixində, onun möhkəmlənməsi və inteqrasiyası istiqamətində mühüm qərarların verildiyi və sənədlərin imzalandığı məkan olaraq tarixə düşüblər. Avropa İttifaqının böhran içində olduğu və onun qurucu üzvlərindən birinin qurumu tərk etdiyi bir dövrdə Slovakiyanın paytaxtı Bratislava şəhəri də “seçilmiş şəhərlər” sırasına qoşula, xaos və böhrandan çıxmaq üçün dönüş nöqtəsinə çevrilə bilər. Əgər sammitdə Avropanın gələcəyi üçün konkret qərarlar verilərsə və fikir birliyi yaranarsa...
Bu gün Bratislava şəhərində Avropa İttifaqının 28 üzv dövlətinin 27-nin (Böyük Britaniya istisna olmaqla) dövlət və hökumət rəhbərləri qeyri-formal zirvə toplantısında bir araya gələcəklər. Sammitdə konkret qərarların qəbul edilməsi gözlənilməsə də, Avropa İttifaqının gələcək siyasi-iqtisadi istiqaməti haqqında ciddi müzakirələrin aparılacağı ehtimal olunur. Əsas hədəflər sırasında Avropa İttifaqının daxilən yenilənməsi və vətəndaşlarda Avropa İttifaqına etimadın bərpa edilməsi dayanır.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sammit öncəsi bildirib ki, Avropada qaçqın böhranı, miqrasiya və sərhədlərin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə və qloballaşmanın iqtisadi və sosial təsirləri ilə bağlı ciddi addımların atılmasına ehtiyac var.
Bratislava görüşünə böyük ümidlər bəsləyən Almaniya və Fransa isə böhranlar içərisində çabalayan Aİ-nin güclənməsi üçün konkret yol xəritəsinin işlənib hazırlanmasını və sammitin yekununda “Bratislava agendası”nın qəbul olunmasını tələb edib.
Slovakiyanın Baş naziri Robert Fitso isə qeyd edib ki, sammitdə “Brexit” referendumundan ağır zərbə almış Aİ institutları üçün hazırkı durum qiymətləndirilməli və islahat təklifləri irəli sürülməlidir. Bu təkliflər əsasında isə “Bratislava prosesi” adı altında kompleks tədbirlər planına start verilməlidir.
Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün hələlik rəsmi ərizə ilə müraciət etmədiyinə görə sammitdə “Brexit” ilə bağlı müzakirələr aparılmayacaq. Bratislava sammitinin ardınca Valetta və Romada böhran toplantılarının keçiriləcəyi gözlənilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava