SİYASƏT


Bratislavada Avropa xəbər agentliklərinin fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib

A+ A

Bratislava, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Bratislavada Slovakiyanın TASR agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda Avropa Xəbər Agentlikləri Təşkilatının (EANA) üzvləri rəqəmsal dünyada informasiya agentliklərinin fəaliyyətinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirə Avropanın 30-dan çox xəbər agentliyinin, o cümlədən Böyük Britaniyanın Press Association, Fransanın France Press, Rusiyanın TASS, Türkiyənin Anadolu, Almaniyanın DPA, Avstriyanın APA, Ukraynanın Ukrinform agentliklərinin rəhbərləri qatılıblar. Konfransda AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iştirak edir.

EANA-nın prezidenti, Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal aparılacaq müzakirələrin üzv agentliklər arasında təcrübə mübadiləsinin artırılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, sosial medianın informasiya məkanında üstünlüyü dövründə xəbər agentlikləri qarşısında ciddi məsələlərin durduğunu söyləyib və yaranmış yeni şəraitdən düzgün istifadə edilməsinin zəruriliyini vurğulayıb.

TASR agentliyinin baş direktoru Yaroslav Reznik qeyd edib ki, internet-mediada baş verən dəyişikliklər peşəkar informasiya agentliklərinin yeniliklərə daim hazır olması, daha sıx əməkdaşlıq etməsi üçün güclü təkandır. O, konfransda müzakirələrin də bu istiqamətdə gedəcəyini diqqətə çatdırıb.

Xəbər agentliklərinin sosial medianın imkanlarından istifadə etməsi məsələsi ilə bağlı Facebook şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə media tərəfdaşlıqları bölməsinin rəhbəri Nik Vrenn sosial şəbəkədə media üçün geniş imkanlar yarandığını deyib. O, “instant articles”, geniş videofunksiyaları, canlı yayım kimi platformaları buna misal göstərib. N.Vrenn Facebook-un 1,7 milyard istifadəçisinin olduğunu, buraya gündəlik daxil olanların 90 faizinin mobil cihazlardan istifadə etdiyini bildirib.

Tədbirdə xəbər agentliklərinin yaydığı fotoların müəlliflik hüquqlarının qorunması, robot jurnalistikası, informasiya hazırlanmasında və yayılmasında süni intellektdən istifadə və digər məsələlər müzakirə edilib.

Konfransda 2016-cı il noyabrın 15-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məsələləri haqqında AZƏRTAC-ın məlumatı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.