SİYASƏT
Bratislavada Respublika Gününə həsr olunmuş qəbul və konsert keçirilib VİDEO
Bratislava, 26 may, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislava şəhərində Slovak Dövlət Filarmoniyasında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu tərəfindən ölkəmizin səfirliyi və Slovakiyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Slovakiyanın təhsil naziri Peter Plavçan, Mədəniyyət Nazirliyində dövlət katibi İvan Seçik, bir sıra dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, Bratislavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və burada yaşayan həmyerlilərimiz iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilib.
Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxışında qısa ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib. Qeyd edib ki, ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə ağır vəziyyət hökm sürürdü, müstəqilliyin müqəddəratı təhlükə altına düşmüşdü. Ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan çətin və mürəkkəb inkişaf yolu keçərək, bu ağır dövrü arxada qoydu. Bu gün Azərbaycan güclü və sürətlə inkişaf edən iqtisadiyyata malik, demokratik ənənələrə sadiq bir dövlətdir. Azərbaycan qarşılıqlı maraqlar, dostluq və qonşuluq, xüsusilə də ədalətlilik prinsiplərinə söykənərək həm regiondakı, həm də digər ölkələrlə münasibətlərini inkişaf etdirir. Sevindirici haldır ki, Azərbaycan və Slovakiya arasında dostluq münasibətləri yüksək səviyyədədir.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov ölkəmizin Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından günümüzədək keçdiyi tarixi-siyasi inkişaf yoluna nəzər salıb. Səfir bildirib ki, iki ildən sonra açıq, dünyəvi və demokratik cəmiyyətin qurulduğu Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd ediləcək. O, həmçinin Azərbaycan və Slovakiya arasında ikitərəfli münasibətlərin bütün sahələr üzrə uğurlu inkişafından məmnunluq ifadə edib.
Tədbirin bədii hissəsində Slovak Kamera Orkestri klassik konsert proqramı ilə çıxış edib. Konsertdə Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Tofiq Quliyev, Vasif Adıgözəlov, Həsən Rzayev kimi Azərbaycan bəstəkarları ilə yanaşı, Haynrix Vilhelm Ernst, Cakomo Puççini, Ladislav Kupkoviç, Qreqoraş Diniku və digər Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Xalq Artisti Ramiz Quliyevin ifa etdiyi Tofiq Quliyevin mahnıları mövzusunda „Fantaziya“, improvizasiyası, „Çahargah“ rapsodiyası və digər əsərlər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Afaq Abasova (sopran) və Fərhad Aşumovun (skripka) ifaları da tamaşaçılarda böyük maraq doğurub.
Filarmoniyanın foyesində Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib. Sonda qonaqlara ziyafət verilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava