SİYASƏT


Braziliya Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Braziliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Braziliyanı Rio-de-Janeyro şəhərində keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi münasibətilə təbrik edib. O, Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərdiyini bildirib.

Elmar Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Braziliya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyib, bu səfərin tarixi xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir Braziliyanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq danışıqlar yolu ilə həllinə dair mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar barədə danışan Elmar Məmmədyarov Braziliya istehsalı olan Embraer tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğulayıb.

Braziliya nümayəndə heyətinin sədri Rodriqo Maya Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin neft qiymətlərinin düşməsinin dünya iqtisadiyyatına mənfi təsiri və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.