İDMAN
Braziliya futbolçularının qəzaya uğraması ilə bağlı KONMEBOL bütün beynəlxalq oyunları təxirə salıb VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Göyərtəsində Braziliya futbolçularının olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) himayəsi altında keçirilən bütün beynəlxalq oyunlar, o cümlədən Cənubi Amerika Kubokunun final görüşləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, “Şapekoense” komandası Kolumbiyanın “Atletiko Nasional” klubu ilə Cənubi Amerika Kubokunun final oyununa yollanarkən təyyarə qəzasına düşüb. Son məlumata görə, qəza nəticəsində 76 nəfər həlak olub. Ümumilikdə faciədən 5 nəfər sağ qurtara bilib.
Braziliya prezidenti Mişel Temer təyyarə qəzası qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, həmçinin bildirib ki, dövlət həlak olanların ailəsinə hər cür dəstək göstərəcək.