DÜNYA


Braziliya: senatorların əksəriyyəti Dilma Rousseffin impiçmentinə tərəfdardır

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Braziliya parlamentinin yuxarı palatası avqustun 30-da Prezident Dilma Rousseffin impiçmenti barədə səsverməyə keçə bilməyib. Nəticədə senatorlar bu məsələ ilə bağlı avqustun 31-də səhər saatlarında səs verməli olacaqlar.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Rousseffin istefasının müzakirəsi ittiham və müdafiə tərəfinin mübahisəsi, həmçinin senatorların çıxışları ilə birgə 16 saata yaxın davam edib. Bununla belə, söz istəyən 66 senatorun yalnız 63-ü çıxış edə bilib. Bundan sonra Ali Məhkəmənin başçısı Rikardu Levandovski səhər saatlarına qədər fasilə elan edib. Çıxış edənlərin əksəriyyəti Rousseffin istefasina tərəfdar olduqlarını bildirib. Senatorların 43-ü impiçmentin lehinə, 18-i isə əleyhinə olub. Bundan başqa 2 senator öz münasibətini bildirməyib, 15 senator isə çıxış etməmək qərarına gəlib.

Ümumilikdə senatda 81 nəfər təmsil olunur, impiçmentin qüvvəyə minməsi üçün isə 54 səs lazımdır.

Bu arada Braziliyada həm impiçmentin lehinə, həm də əleyhinə yönələn aksiyalar keçirilir. San-Paulu şəhərində hərbi polis səs qumbaralarından istifadə edərək Rousseff tərəfdarlarının mitinqini dağıdıb.

Dilma Rousseff barədə impiçment qərarının qəbul ediləcəyi təqdirdə ona 8 il dövlət postlarında vəzifə tutmaq qadağan olunacaq. 2018-ci ildə keçiriləcək seçkilərədək isə prezident səlahiyyətlərini vitse-prezident Mişel Temer icra edəcək. Əgər senatorlar impiçment üçün yetərli səs əldə edə bilməsələr, proses dayandırılacaq və Dilma Rousseff öz postuna geri dönəcək.

Xatırladaq ki, müxalifət Rousseffi ikinci mandatının ilk aylarında yol verdiyi maliyyə pozuntularında təqsirləndirir. İttihama görə o, parlamentlə müzakirə aparmadan dövlət vəsaitinin ayrılması üçün bir neçə qərar imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.