İDMAN
Braziliyada Rio-de-Janeyro Olimpiadasının talismanları təqdim olunub
Bakı, 24 noyabr, AZƏRTAC
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək yay Olimpiya və Paralimpiya oyunlarının talismanlarının təqdimatı olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu talismanlar Braziliyanın heyvanat və bitki aləminin rəmzidir.
Pişiyə bənzəyən sarı rəngli heyvan Braziliya faunasının obrazı şəklində təqdim olunub. Braziliya florasının ümumiləşdirilmiş obrazını göy və yaşıl rəngli bitki təcəssüm etdirir. Bu obrazda istər çiçək, istərsə də ağac cizgiləri əksini tapıb.
İndi braziliyalılar internetdə səsvermə yolu ilə 2016-cı il oyunlarının simvoluna ad seçməlidirlər. Şort-listdə Oba və Eba, Tiba Tuke və Eskidim, Vinisius və Tom adları yer alıb
Siyahıdakı son iki ad Braziliyanın tanınmış musiqiçi və bəstəkarları Vinisius di Moraysın və Tom Jobimin şərəfinə seçilib.
Gözlənildiyinə görə, təşkilatçılar bazara üzərində yay Oyunlarının simvolu olan 12 min mal çıxaracaqlar. “Rio-2016” brendli məhsulların satışından 400 milyon dollar gəlir götürmək nəzərdə tutulur.
Təşkilatçılar Oyunların gənc auditoriyasını da maraqlandırmaq niyyətindədirlər. Odur ki, Olimpiadanın start götürməsinə bir il qalmış televiziyada talismanların iştirakı ilə serial yayımlamaq planlaşdırılır.
“Olimpiya talismanı” anlayışı rəsmən 1972 ildə Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiq edilib. Talisman olimpiyaçılıq prinsiplərini önə çəkmək və konkret Oyunların təbliğinə kömək etmək məqsədi daşıyır.
Talisman Olimpiadanı qəbul edən tərəfin xüsusiyyətlərini əks etdirən insan, heyvan və ya əfsanəvi məxluq ola bilər. O, həm də müasir Olimpiya hərəkatının dəyərlərini təcəssüm etdirməlidir.