İDMAN
Braziliyada futbol üzrə Dünya çempionatı başlayır VİDEO
Bakı, 12 iyun (AZƏRTAC). Bu gün Braziliyada ən möhtəşəm futbol bayramı – XX Dünya çempionatı başlayır.
AZƏRTAC xəbər verir ki, 32 milli komanda iyunun 12-dən iyulun 13-dək mundialın əsas mükafatı - FİFA-nın Dünya Kuboku uğrunda mübarizə aparacaqdır.
Final turniri Braziliyanın 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvador, San-Paulu, Portu-Aleqri, Manaus, Fortaleze, Natal, Belu-Orizonti, Brazilia, Kuyaba, Kuritiba şəhərlərində oynanılacaqdır.
Açılış matçı San-Pauludakı “Arene Korintians” stadionunda olacaqdır. Burada Braziliya və Xorvatiya yığmaları qarşılaşacaqlar.
Mundialın final oyunu Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcəkdir.
Braziliya dünya çempionatını ikinci dəfə qəbul edən beşinci ölkə olacaqdır. Əvvəllər bu şərəfə Meksika, İtaliya, Fransa və Almaniya layiq görülmüşdülər. Braziliya dünya çempionatını birinci dəfə 1950-ci ildə qəbul etmişdi. O vaxt Uruqvay komandası zəfər qazanmışdı.
2014-cü ilin dünya çempionatı dalbadal Avropanın hüdudlarından kənarda keçirilən ikinci dünya çempionatı olacaqdır.
2010-cu ildə CAR-da keçirilən dünya çempionatında qalib gəlmiş İspaniya yığması Braziliyada dünya çempionu titulunu saxlamaq uğrunda mübarizə aparacaqdır.