İDMAN
Braziliyada futbol üzrə dünya çempionatının final mərhələsi üçün püşkatma olmuşdur VİDEO
Bakı, 6 dekabr (AZƏRTAC). Cümə günü Braziliyanın Atlantik okeanı sahilində yerləşən Kosta-fu-Sauipe kurort şəhərciyində 2014-cü ilin dünya çempionatının final turniri üçün püşkatma keçirilmişdir. 32 milli yığma komanda səkkiz qrupa bölünmüşdür.
Çempionat iyunun 12-də San-Pauluda başlanacaq, qrup mərhələsi iyunun 26-dək davam edəcəkdir. Hər qrupdan iki ən yaxşı komandanın iştirak edəcəyi pley-off mərhələsi iyunun 28-də başlanacaqdır. İyulun 13-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda final keçiriləcəkdir.
2014-cü il çempionatının qrup mərhələsi üçün püşkatmanın nəticələri belədir:
A qrupu – Braziliya, Xorvatiya, Meksika, Kamerun.
B qrupu – İspaniya, Niderland, Çili, Avstraliya.
C qrupu – Kolumbiya, Yunanıstan, Kot-d`İvuar, Yaponiya.
D qrupu – Uruqvay, Kosta-Rika, İngiltərə, İtaliya.
E qrupu – İsveçrə, Ekvador, Fransa, Honduras.
F qrupu – Argentina, Bosniya və Herseqovina, İran, Nigeriya.
G qrupu – Almaniya, Portuqaliya, Qana, ABŞ.
H qrupu – Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya.
Püşkatma proseduru mürəkkəbləşdirilmişdir.
FİFA-nın oktyabr reytinqinə əsasən dünyanın yeddi ən güclü komandası və turnirin ev sahibi – Braziliya yığması birinci səbətə daxil edilmişdir. Mundialın qalan iştirakçıları səbətlər üzrə coğrafi prinsipə görə bölüşdürülmüşlər, özü də Avropa səbətinə doqquz komanda, Afrika səbətinə isə yeddi komanda düşmüşdür.
Əvvəlcədən xüsusi püşkatma nəticəsində Avropanın “artıq” nümayəndəsi ikinci, Afrika və Cənubi Amerika nümayəndələrinin səbətinə daxil edilmişdir.
Daha sonra birinci səbətin ölkələri qruplara bölünmüşlər, özü də A kvarteti əvvəlcədən braziliyalılar üçün nəzərdə tutulmuşdur. Bundan sonra ardıcıl olaraq ikinci, üçüncü, dördüncü səbətlərin nümayəndələri öz qruplarını tanımışlar.
Bir qrupda eyni qitənin ikidən çox komandasının olmasına yol verilmədiyini nəzərə alaraq püşkatma nəticəsində “artıq” qalmış Avropa yığması Cənubi Amerika nümayəndəsinin başçılıq etdiyi qrupa daxil edilmişdir.
Səkkiz qrupun hamısının heyəti məlum olduqdan sonra qrup turnirinin cədvəli müəyyənləşdirilmişdir.