DÜNYA
Braziliyada katirovkaların kəskin enməsi səbəbindən birjalar işini dayandırıb
Bakı, 18 may, AZƏRTAC
Braziliyanın San-Paulo fond birjasının indeksi 10 faiz aşağı düşüb və bundan sonra sövdələşmələr dayandırılıb. Katirovkaların kəskin enməsi ilə yanaşı, ABŞ dollarının Braziliyanın milli valyutasına nisbətdə məzənnəsi 9,46 faiz artaraq 3,43 reala çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mütəxəssislər yaranmış vəziyyəti ölkə prezidenti Mişel Tamerin cəlb olunduğu qalmaqalla əlaqələndirirlər.
Bir qədər əvvəl braziliyalı sahibkarlar – Joesli və Uesli Batista qardaşları ölkənin federal ali məhkəməsinə belə bir məlumat ötürüblər ki, Tamer aşağı palatanın sabiq spikeri, keçmiş dövlət başçısı Dilma Russefin impiçmentinin təşəbbüskarı Eduardo Kunyanı guya pulla ələ almağı xahiş edir. Globo telekanalının yaydığı məlumata görə, pul Kunyanın “dilini bağlamaq” üçün nəzərdə tutulur.
Müxalifətdə olan “Redi” partiyasının deputatı Alessandro Molon bu hadisədən sonra parlamentin aşağı palatasının sədri Rodriqo Mayaya Tamerin impiçmenti barədə sorğu göndərib. Braziliya qanunvericiliyinə əsasən, ölkə prezidentinin vəzifədən kənarlaşdırılması haqqında sorğunu məhz spiker müzakirəyə çıxara və ya rədd edə bilər.