İDMAN
Braziliyalı futbolçu Neymar Qətərdə tibbi müayinədən keçməyə hazırlaşır
Bakı, 31 iyul, AZƏRTAC
“Barselona” komandasının braziliyalı hücumçusu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) klubuna keçməmişdən əvvəl avqustun 1-də Qətərdə tibbi müayinə olunacaq.
Forvard ABŞ-da zəfərlə başa çatan mövsümqabağı turnirdən sonra Kataloniya klubu ilə birlikdə İspaniyaya qayıtmayıb.
Daha əvvəl bildirilib ki, PSJ Neymarın transferi üçün təqribən 220 milyon avro ödəməyə hazırdır. Əgər bu sövdələşmə baş tutarsa, futbolçu özü 50 milyon avro qazanacaq. Belə bir versiya da olub ki, idmançı Qətərdə 2022-ci ilin dünya çempionatının səfiri ola bilər və buna görə ona 300 milyon avro vəd olunub. Həmin məbləğin 222 milyonu Kataloniya klubundan ayrılması üçün dəbbə pulunun ödənilməsinə sərf olunacaq.
Neymar 2013-cü ilin yayında Braziliyanın “Santos” klubundan “Barselona”ya keçib. O, kataloniyalılarla birlikdə ikiqat İspaniya çempionu, İspaniya Kubokunun üçqat sahibi olub, bir dəfə Çempionlar Liqasının, bir dəfə İspaniya Superkubokunun, bir dəfə də dünya klub çempionatının qalibi olub.
Forvardın aktivində Braziliya yığması uğrunda 77 matç və 52 qol var. O, Braziliya yığmasının heyətində 2013-cü ildə Konfederasiyalar Kubokunu udub, 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında qızıl medal qazanıb.