DÜNYA
Braziliyanın Rio-de-Janeyro və San-Paulu şəhərlərində iğtişaşlar
Bakı, 1 iyul, AZƏRTAC
Braziliyanın Rio-de-Janeyro və San-Paulu şəhərlərində həmkarlar ittifaqının təşkil etdiyi etiraz aksiyaları iğtişaşlarla nəticələnib. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb. Nümayişçilər bir neçə küçəni zəbt edib, ictimai nəqliyyatın fəaliyyəti iflic olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, aksiya iştirakçıları ölkə Prezidenti Mişel Tamerin təklif etdiyi islahatlara qarşı çıxırlar. Əmək və təqaüd islahatları braziliyalıları daha çox narazı salıb. Hazırda qanun layihəsi Federal Senatın – parlamentin yuxarı palatasının müzakirəsinə çıxarılıb. Təklif edilən düzəlişlərə əsasən Braziliyada pensiya yaşı artırılacaq, bundan başqa, işçilər bir çox əlavə ödənişlərdən məhrum olacaq.
Ölkədə siyasi böhran da getdikcə dərinləşir. Bir neçə gün əvvəl Braziliya tarixində ilk dəfə olaraq baş prokuror Ali Məhkəmədən prezidentə qarşı ittiham irəli sürməsini xahiş edib. Mişel Tamer iri biznesmendən 150 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinir.