DÜNYA
Braziliyanın sabiq prezidenti 9,5 il həbs cəzasına məhkum olunub
Bakı, 12 iyul, AZƏRTAC
Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lulu Da Silvanı korrupsiya ittihamı üzrə 9,5 il həbs cəzasına məhkum edib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, keçmiş prezidentə qarşı beş korrupsiya ittihamı irəli sürülüb. Bu ilin mayında müstəntiqlər San-Paulu ştatında Da Silvaya məxsus olduğu ehtimal edilən və dövlət vəsaiti hesabına tikilmiş malikanə ilə maraqlanıblar. Bir qədər əvvəl isə sabiq dövlət başçısı Petrobras neft kompaniyasında korrupsiya sxemi ilə əlaqədə şübhəli bilinirdi. O, 2014-cü ildə korrupsiya qalmaqalının mərkəzində olmuşdu. O vaxt müəyyən edilmişdi ki, müqaviləni imzalayan bir neçə funksioner buna görə kontraktın 3 faizi həcmində komisyon alıb.
Braziliya hakimiyyət orqanlarının məlumatına görə, sxemin müəllifləri şişirdilmiş qiymətlərdən və rüşvətdən təxminən 3,8 milyard dollar əldə ediblər.