DÜNYA
“Brexit” üzrə danışıqlar iyunun 19-da başlayacaq
Bakı, 12 iyun, AZƏRTAC
Böyük Britaniyanın “brexit” məsələləri üzrə naziri Devid Devis ölkənin Avropa İttifaqının tərkibindən çıxması barədə danışıqların iyunun 19-da başlayacağını təsdiqləyib.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, nazir Birləşmiş Krallığın danışıqlardan heç bir saziş imzalamadan çıxmaq imkanının olduğunu qeyd edib.
Devisin sözlərinə görə, Avropa İttifaqı və Böyük Britaniya vətəndaşlarının yeni şərtlərdə statusu danışıqların birinci dərəcəli mövzusu olacaq. “Birləşmiş Krallıqda yaşayan bəzi insanlar ölkənin Aİ-nin tərkibindən çıxdıqdan sonra burada qala bilməyəcəyinə görə narahatdır. İspaniyada yaşayan bəzi britaniyalılar da orada yaşaya bilməyəcəklərindən qorxurlar... Bu narahatlıqlardan çəkinmək lazımdır, onlar qorxmamalıdır”, - deyə nazir bildirib.