SİYASƏT
Bridcet Brink: ABŞ Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və ABŞ arasında iqtisadiyyat, enerji, terrorizmə qarşı mübarizə, sülhməramlı əməliyyatlar və digər sahələrdə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.
Bridcet Brink Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş əsnasında çox faydalı müzakirələrin aparıldığını bildirib. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. B.Brink deyib ki, ABŞ hökuməti Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımını və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirir.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib. Status-kvonun qəbuledilməzliyini vurğulayan nazir ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyinə diqqəti çəkib.
Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrindən söz açıb və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu deyib.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.