DÜNYA
Britaniya: Mühafizəkarlar parlament çoxluğunu itirib
Bakı, 9 iyun, AZƏRTAC
Böyük Britaniyanın Mühafizəkarlar Partiyası iyunun 8-də keçirilən növbədənkənar seçkilər nəticəsində parlament çoxluğundan məhrum olub. Bunu 650 seçki dairəsinin 640-da səsvermənin yekun nəticələri təsdiqləyir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir Tereza Meyin partiyası hazırda 311 deputat mandatı əldə edib. Hələlik 10 seçki dairəsində səsvermənin nəticələrinə yekun vurulmayıb. Lakin əgər qalan dairələrin hamısında torilər qələbə qazansa belə, onlar hökuməti təkbaşına formalaşdırmaq üçün lazım olan 326 mandatı qazana bilməyəcək və koalisiya tərəfdaşı axtarmağa məcbur olacaqlar.
Analitiklər artıq səsvermənin yekununu Baş nazir üçün fəlakətli adlandırırlar. Bu ilin aprelində növbədənkənar parlament seçkiləri elan edən Tereza Mey ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması üzrə çətin danışıqlarda öz mövqeyini möhkəmləndirmək məqsədi güdürdü. Amma artıq müxalifətdə olan leyboristlərin, elə mühafizəkarların öz sıralarında da Baş nazirin istefası barədə çağırışlar səslənir.
Səsvermənin yekun nəticələri açıqlandıqdan dərhal sonra Mey xalqa müraciətlə çıxış etməlidir. Yalnız bundan sonra Mühafizəkarlar Partiyası rəhbərinin öz siyasi taleyi ilə bağlı nə kimi qərar qəbul etdiyi məlum olacaq.