SİYASƏT
Britaniya XİN: Rəsmi London Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və bu mövqe dəyişməz qalır
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 1-də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xarici İşlər Nazirliyinə dəvət olunub.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda cari il iyulun 8-də keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Respublikası Hökumətinin qəti etirazını bildirib. Bu kimi halların Azərbaycan ilə Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək Azərbaycanın narahatlığı barədə ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb.
Həmçinin Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Londondakı səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyində görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin məktubuna cavab olaraq Böyük Britaniya Xarici İşlər Nazirliyinin məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və rəsmi Londonun bu mövqeyi dəyişməz olaraq qalır. Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.