CƏMİYYƏT
Britaniya alimləri psixi pozuntularla bağlı genetik mutasiya aşkar ediblər
Bakı, 18 avqusta, AZƏRTAC
Beynin skan edilməsi nəticəsində genetik mutasiya aşkar olunub. Bu, beynin strukturunu, fəaliyyətini və kimyəvi tərkibini dəyişərək şizofreniya, bipolyar pozuntu, depressiya kimi ciddi psixi pozuntuların yaranma riskini artıran genetik mutasiyadır.
AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, bu barədə məlumat Edinburq Universitetindən (Böyük Britaniya) olan alimlərin yeni tədqiqatında yer alıb. Əldə edilən məlumatlar göstərib ki, “DISC1” mutasiyası aşkar edilən insanlarda xromosomların quruluşu pozulmuş olub, habelə beynin strukturunda dəyişiklik olub. Ekspertlər bildirirlər ki, bu dəyişikliklər psixi xəstəliklərin inkişafı ehtimalının ciddi artması ilə əlaqədardır. Tədqiqat göstərir ki, müvafiq genetik qüsurlar təhlükəli psixi pozuntuların inkişafı riskini çoxalda bilər.
Bundan əlavə, müvafiq mutasiyanın daşıyıcılarında, həmçinin qlutamatın - beynin müəyyən hissələrində yerləşən kimyəvi maddənin miqdarı qeyr-qənaətbəxş olub. Təcrübələr zamanı əldə edilən məlumata görə, bu hal şizofreniyaya səbəb ola bilər.
“DISC1” mutasiyası ilk dəfə ciddi psixi pozuntuların qeyri-adi yüksək templə baş verdiyi şotland ailəsində aşkar edilib. Alimlər bu ailənin nəslini 40 il ərzində tədqiq ediblər, lakin ailə üzvlərinin beyninin skan edilməsini ilk dəfə həyata keçirə biliblər.