DÜNYA
Britaniya kraliçasının tac nitqi: “brexit”, terrorla mübarizə və dünya təhlükəsizliyi
Bakı, 21 iyun, AZƏRTAC
“Brexit” uğurlu olmalıdır” – Böyük Britaniya kraliçası II Elizabet parlamentdə bu bəyanatla çıxış edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, çərşənbə günü kraliça parlamentdə tac nitqi söyləyib. Beləliklə də o, növbədənkənar seçkilərdən sonra formalaşmış yeni çağırış qanunverici orqanın birinci sessiyasını açıb. II Elizabet hökumətin prioritet vəzifəsinin “brexit” üzrə mümkün qədər sərfəli sazişi təmin etməkdən ibarət olduğunu bildirib.
Kraliça müasir siyasi kontekstdə digər ən mühüm mövzulara da toxunub: “Mənim hökumətim yaxın Şərqdə münaqişənin uzunmüddətli siyasi həllini tapmaq üzərində də işləyəcək”.
Bundan başqa, nitqdə deyilir ki, son üç ayda dörd terror aktı yaşayan Böyük Britaniya özünün terrorizmlə mübarizə strategiyasına yenidən baxacaq.
Xatırladaq ki, kraliçanın tac nitqi hökumətin fəaliyyət proqramıdır. Nitq Nazirlər Kabinetinin üzvləri tərəfindən yazılır və monarx onda dəyişiklik etmək səlahiyyətinə malik deyil. Tac nitqi söyləndikdən sonra bir neçə gün ərzində hər iki palata – İcmalar və Lordlar palataları onun əsas müddəaları üzrə debatlar aparırlar. Daha sonra nitq İcmalar Palatasında səsverməyə çıxarılır və bu, hökumətə bir növ etimad hesab olunur.
Nəzəriyyəyə əsasən, partiyalar nitqdə düzəlişlər edə və onları səsverməyə çıxara bilərlər. Lakin adətən iş bu yerə gəlib çıxmır. Bu dəfə isə parlamentin fəaliyyətinin ilk günündən baş nazir Tereza Meyə qarşıdurma vəd edən müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin nitqdə düzəlişlər edəcəyini bildirib.