DÜNYA
Britaniya polisi baş verənləri terror aktı kimi qiymətləndirir
Bakı, 23 may, AZƏRTAC
Britaniya polisi baş verənlərə terror aktı kimi baxır.
Mançester polisinin məlumatına görə, “Mançester-Arena”da baş verən partlayış nəticəsində ən azı 19 nəfər həlak olub, 50 nəfər yaralanıb.
TASS informasiya agentliyinin məlumatına görə, hazırda hadisə yerinə onlarla polis avtomobili və təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılır.
Stadionun yaxınlığından keçən bütün qatarların hərəkəti dayandırılıb.
Rəsmi şəxslər insanları panikaya düşməməyə və Mançester arenadan uzaq olmağa çağırıb.
Yerli polisin məlumatına görə arenada, ola bilsin ki, iki partlayış baş verib. Partlayışın baş vermə səbəbləri barədə hələlik məlumat yoxdur və hüquq-mühafizə orqanlarının nümayəndələri vurğulayıblar ki, onların məlumatları ilkin xarakter daşıyır.
Qeyd edək ki, insident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.