MƏDƏNİYYƏT
Britaniya rəssamı təqdim edir: “İçərişəhərin 100 görüntüsü”
Bakı, 31may, Flora Şükürova, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin əməkdaşı Toğrul Əfəndiyev, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt rəssam haqqında məlumat veriblər. Bildirilib ki, Edvard Tvoxiq 1969-cu ildə İrlandiyada anadan olub. Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşıb, burada https://instagram.com/p/BUr7UkalxB1/ Şurasından təqaüd alan ilk irlandiyalı tələbə olub.
Diqqətə çatdırılıb ki, Edvard Tvoxiq rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, Banksayd Qalereyasının hamisidir. O, ingilis yazıçısı, rəssam və mütəfəkkir C.Raskinin: “Siz incəsənətin nəyi əks etdirdiyini sevməsəniz, heç vaxt onu dərindən sevə bilməzsiniz” fikrinə inanır. Rəssam əsərlərini təbiətdən ilhamlanaraq bilavasitə naturadan yaradır, sonra yadında qalan məqamlar əsasında kompozisiyalarını tamamlayır. O, təbiətin gözəlliyini rəsm, fotoqrafiya, xüsusən də rəssamın xətt ustalığını göstərən quru iynə texnikasında təcəssüm etdirir. Bleyk, Ravilious və Semuel Palmerin təsirinin duyulduğu bu qravüralar ingilis pastoral ənənəsinə mühüm töhfədir.
Qeyd olunub ki, Edvard Tvoxiqin “Yer üzü və xətt” (Berstou qalereyası,Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.
Edvard Tvoxiq sərginin təşkilinə görə təşəkkürünü bildirib və rəsmləri barədə məlumat verib.
Sonda sərgi ilə tanışlıq olub.
Sərgi iyunun 5-dək davam edəcək.