DÜNYA
Britaniya seçki ərəfəsində: mühafizəkarlar populyarlığı itirir
Bakı, 6 iyun, AZƏRTAC
Böyük Britaniyada iyunun 8-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri ərəfəsində mühafizəkarların populyarlığı aşağı düşməkdə davam edir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, YouGov şirkətinin keçirdiyi rəy sorğusunun bu gün dərc edilən nəticələrinə görə, Mühafizəkarlar Partiyası parlamentdə yalnız 304 yer qazana bilər. Bu o deməkdir ki, Baş nazir Tereza Meyin partiyası seçicilərin yalnız 42 faizinin dəstəyinə ümid bəsləyə bilər. Bu say isə parlamentdə çoxluq əldə etmək üçün yetərli deyil və partiya 650 yerdən azı 326-nı əldə etməlidir.
Xatırladaq ki, parlamentin ötən çağırışında mühafizəkarların 330 yeri vardı.
Rəy sorğuları, həmçinin göstərir ki, Mançesterdə və Londonda terror hadisələrindən sonra hakim partiyanı dəstəkləyənlərin sayında azalma baş verib.
Rəhbərlik etdiyi partiyanın reytinqinin aşağı düşməsinə baxmayaraq, Tereza Mey növbədənkənar parlament seçkiləri elan etməsinə təəssüflənmir. Onun fikrincə, Brüssellə qarşıdakı çətin “brexit” danışıqlarında uğur qazanmağın ən mühüm şərti ölkədə siyasi birliyə nail olmaqdır və bunun yolu seçkidən keçir.