DÜNYA
Britaniyada azı 27 çoxmərtəbəli bina tezalışan materiallarla üzlənib
Bakı, 24 iyun, AZƏRTAC
Britaniya paytaxtının şimalındakı Kemden rayonunda yerləşən Chalcots Estate bələdiyyə yaşayış kompleksində şənbə gününə keçən gecə 4 minə yaxın insan öz evlərindən müvəqqəti köçürülüb.
AZƏRTAC xəbər verir ki, Sun qəzetinin yaydığı məlumata görə, Londonun Kemden bələdiyyə dairəsinin şurası bu qərarı evlərin fasad örtüyünün yanğın təhlükəsizliyi standartlarına uyğun gəlməməsi və odadavamlı olmaması ilə bağlıdır. Bir qədər əvvəl Grenfell Tower yaşayış binasında böyük faciə ilə nəticələnmiş yanğına məhz bu cür üzlük materialı səbəb olmuşdu.
Böyük Britaniya hökumətindən bildiriblər ki, bütün ölkə üzrə azı 27 çoxmərtəbəli bina tezalışan üzlük materialları ilə üzlənib. Yanğın təhlükəsizliyi normalarına uyğun olmayan bu binalar Londonun Kemden, Xaunslou və Brent rayonlarında, habelə Mançester və Plimut şəhərlərində yerləşir. Hakimiyyət orqanları 600-dək insanın yaşadığı Grenfell Tower-də baş vermiş yanğından sonra yüksək yanğın təhlükəsizliyi tədbirləri görməyə başlayıblar.
Xatırladaq ki, Londonun qərbindəki çoxmərtəbəli Grenfell Tower yaşayış binasında iyunun 14-nə keçən gecə baş vermiş yanğın nəticəsində azı 79 nəfər həlak olub.