DÜNYA
Britaniyada keçirilən referendumun nəticələri İspaniyanın Cəbəllütariqlə bağlı iddialarını gücləndirib
Madrid, 25 iyun, AZƏRTAC
Böyük Britaniyada keçirilən referendumun nəticələri İspaniyanın Cəbəllütariqlə bağlı iddialarını gücləndirib. Birləşmiş Krallıq Avropa İttifaqından çıxandan sonra İspaniya Cəbəllütariqlə sərhədləri bağlaya bilər və bununla da Britaniya anklavının xarici aləmlə quru əlaqəsi kəsilmiş olar.
Britaniyadakı referendumun nəticələri məlum olan kimi, İspaniyanın xarici işlər naziri Xose Manuel Marqallo İspaniya bayrağının Cəbəllütariqə daha yaxın olduğunu deyib. Cəbəllütariqin birinci naziri Fabian Pikardo isə bu fikrə dərhal cavab verərək bildirib ki, Cəbəllütariq heç vaxt İspaniyanın olmayacaq.
İspaniya heç vaxt Cəbəllütariqin Britaniya tabeliyində olması ilə razılaşmayıb.
Xatırladaq ki, Britaniyanın bir hissəsi olan Cəbəllütariqin əhalisinin 80 faizi referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalmasının lehinə səs verib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid