SİYASƏT
Britaniyalı deputat qondarma separatçı rejimin “başçısı”nın Londona gözlənilən səfərini pisləyib
Bakı, 7 iyul, AZƏRTAC
Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Bləkmən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Londona gözlənilən səfərini pisləyib.
AZƏRTAC xəbər verir ki, britaniyalı deputat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavabında B.Saakyanın “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçiriləcək tədbirə dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktubu ilə müraciət etdiyini deyib. Etiraz məktubunda deyilir:
“Hələ ötən həftə mənə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən kitabın təqdimatında iştirak etmək nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin “prezidenti” Bako Saakyanın “Chatham House” da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə şoka düşdüm. Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökumət B.Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Belə bir arzuolunmaz şəxsin “Chatham House” kimi nüfuzlu bir instituta dəvət olunması Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi olaraq məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm”.