DÜNYA
Britaniyanın 72 yaşlı sakini tarzansayağı tullanışla dünya rekordunu təzələyib
Bakı, 4 May, AZƏRTAC
BƏƏ-nin Dubay şəhərində dünyanın ən hündür göydələnlərindən biri olan “Princess Tower”dən peşəkar idmançılar da daxil olmaqla 558 nəfər elastik kəndirlə tullanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, gənclərlə bərabər yaşlı təbəqənin nümayəndələrinin də iştirak etdiyi yarışmada 72 yaşlı britaniyalı Reymond Vudkok tarzansayağı tullanışla dünya rekordunu təzələyib. Taksi sürücüsü işləyən Reymond udduğu vəsaiti xəstə uşaqlara yardım edən taksi sürücülərinin xeyriyyə fonduna yatırıb.
Dubay şirkətlərinin sponsorluğu ilə təşkil olunan kütləvi yarışmaya 80 saat vaxt sərf olunub. Xüsusi uniformalar geyinmiş iştirakçıların hər birinin üzərində portativ videokameralar quraşdırılıb. Yarışma bitdikdən sonra görüntülər montaj edilərək YouTube səhifəsində yayılıb. Qısa müddət ərzində videoçarxa milyona yaxın baxış olub.
Dubay şəhərinin Marina rayonunda yerləşən “Princess Tower” yaşayış göydələni 101 mərtəbədən, 763 mənzildən ibarətdir. Binanın hündürlüyü 414 metrdir.